11.12.2006

Cavabsız suallar::Cəmiyyətimiz...

Bəzən düşünürəm: "Bizim cəmiyyətimiz niyə bu qədər dəyişib?.. Niyə Bu qədər mənfi hallarla qarşılaşırıq gündəlik həyatımızda? Sanki cəmiyyətimiz böyük bir səviyyə uçurumuna yuvarlanır. Düzdür, hələ ki, bu uçurumun dibinə çatmamışıq, amma, az qalıb məncə..."
Dinlənilən mahnılar, baxılan TV verilişləri, iştirak edilən şoular, "interaktiv" proqramlar... Bu listəni istədiyiniz qədər uzatmaq olar. Günümüzdə "Realiti" adı altında reallıqdan tamamilə uzaq "şoular" keçirilir və... Çox böyük reytinqə malikdirlər bu verilişlər! Mənə çox maraqlıdır ki, bu cür verilişlər kimlərə və nə qədər faydalıdır...

Gənclərimiz KİV-dən bir informasiya vasitəsi kimi deyil, bir həyat tərzi diktəedicisi kimi baxırlar. İzlədikləri əsasında xəyallar qururlar və bu xəyallarının gerçək olduğunu ətrafdakılara sübut etməyə çalışırlar. Və yenə də həmin KİV (əksərən televiziya) bu gənclərə arqumentlər verir. "İnkişaf etmiş ölkələrin gəncləri bu tərzdə həyat sürürlər. Biz də bu ölkələri özümüzə nümunə götürdüyümüz üçün onların praktikasından istifadə etməliyik..." kimi söhbətlər. Bəs görəsən biz niyə bu praktikanı həyata keçirərkən öz milli-mənəvi dəyərlərimizi unuduruq? Niyə öz türk mənliyimizi unuduruq?
Gəncliyimiz hara gedir? Nə düşünür? Nə fikirləşir? Bütün bunlar nə kimi nəticələr verəcək (və hətta verməkdədir)?
Cavabsız suallar... Hörmətli ziyarətçi, yan keçməyin, cavab verməyə çalışın (əgər bacarsanız!). Yazacağınız bir-iki sətir beş dəqiqə vaxtınızı alacaq, ancaq, ola bilsin ki, mənim cavabını tapa bilmədiyim bu suallara siz cavab verərsiniz.

No comments: