3.08.2007

Sosial-iqtisadi dəyişikliklər fonunda ailə

“Türk ailə quruluşu qərbdə əmsal alınmalı
və təqlid edilməlidir”.
Bricit Berger
Əsrlər boyu qərblə-şərqin arasında keçilməz bir uçurum mövcud olmuşdur. Bu qütblərin (böyük əksəriyyətlə özlərini coğrafi deyil, mənəvi qütblər olaraq göstərmişlər) özünəməxsus dəyərləri dünyagörüşü olmuşdur. Sanki, hər biri ayrıca bir şəxsdir. Biz isə bir şərq insanı olduğumuza görə, ilk olaraq, ailənin bizim üçün nə olduğunu müəyyən edək. Ailə bizim bir insan kimi, bir şəxsiyyət kimi formalaşdığımız; bizə həyatımız boyu xoş təəssüratlarından təsirləndiyimiz gözəl dəyərləri bəxş edən, bizim üçün müqəddəs olan bir institutdur. Ailə heç bir zaman unuda bilməyəcəyimiz bir məfhumdur!
Ancaq bir qərb insanı ailə haqqında eyni şeyləri deyə bilməz. Onun üçün ailə, ana bətni kimi, müvəqqəti olaraq qalmağa məcbur olduğu bir məkandır. Burada müqəddəslikdən danışmağa isə, tamamilə, heç bir əsas yoxdur!
Beləliklə, iki, bir-birinə zidd, kökündən fərqli aspektdə ailə... “Ancaq burada qərblinin anladığı tərzdə ailənin nə olduğunu incələməyin mövzumuz baxımından nə əhəmiyyəti var?” deyə bir sual doğa bilər. -Əhəmiyyəti çox böyükdür! Belə ki, sosial-iqtisadi adlandırdığımız dəyişikliklər məhz Qərbdən qaynaqlanır. Əslində, hər şey sənaye inqilabından sonra başladı. Bu dövrə qədər də Qərb öz dəyərlərini Şərqə aşılamağa çalışırdı, ancaq, Şərqdə bunun önünü alabiləcək qüvvələr var idi ki, bunlardan biri də Osmanlı İmperatorluğu idi.
Şərqin elmindən qaynaqlanan Qərb elmi-texniki nailiyyətləri Şərqin əzmini qırmaq yolunda ən böyük vasitəyə çevirdi. Beləliklə, sənaye inqilabı, ardından da Osmanlının yıxılması bayraqdarsız qalan Şərq, böyük əksəriyyətlə də müsəlman dünyasına girmək üçün şərait yaratdı.
Müsəlman dünyasında mövcud olan sosial bərabərlik, ədalət prinsiplərinə alternativ olaraq ortaya çıxarılan Marksizm uzunömürlü olmadı. Çünki, onun dayaq nöqtəsi çürük idi. İnsan cəmiyyətinin bir heyvan dəstəsindən başqa bir şey olmadığını iddia edən bir idealogiyanın nə əsası ola bilər ki?!
Bundan doğan mənfi milliyətçilik hərəkatları da bir uğur əldə edə bilmədi. Əslində, Avropanın qurduğu “saat bombası” öz əlində partladı.
Sadaladığımız bu hadisələr isə həm Avropanın, həm də Asiyanın “ekranlarında” cərəyan edirdi. Lakin, bununla belə həyat davam edirdi...
Sonradan, digər böyük bir imperiya olan Sovetlər dağıldıqdan sonra isə Qərb tam gücüylə Şərqə doğru hücuma keçdi. İlk olaraq, mədəniyyətlərini (-sizliklərini) yaymaq üçün, sonra istehlakçı bazarı qazanmaq üçün, ən nəhayət isə, idealogiyalarını qəbul etdirmək və bununla da Bizi idarə etmək üçün...
Bu proses içində hər bir sosial institutlara, o cümlədən ailəyə, ciddi zərbələr vuruldu. Çünki, elə məqsəd də bir Şərqli üçün ən müqəddəs saydığı məfhumları aradan qaldırmaq idi. Bir ölkənin iri sənaye müəssisələrini yox etmək o ölkəni yenbək deməkdir. Qərb də bizim mənəviyyat ölkəmizin ən iri müəssisələrindən birinin ailə olduğunu çox gözəl bilirdi.
İndi isə onların uğur əldə edib-etmədiklərini incələyək.
Müsəlman-türk cəmiyyətinin üzvü ailəsinə qarşı daha çox məsuliyyət hiss edir. O, ailəsindən ayrılmağa can atmır, əksinə, ailəsi üçün daha faydalı olmağa, daha çox imkanlar təşkil etməyə çalışır. Bu cəmiyyətin fərdi ailəsini şəxsi həyatının ayrılmaz bir hissəsi, özünü də ailəsinin bir tam olması üçün mütləq bir şərt kimi zənn edir. O, ailəsindən ayrı düşdüyü zaman belə onun üzvü olaraq düşünür, ailəsini unutmur.
Dolğun yaşa gəlmək insana ailəsindən uzaq düşməyi xatırlatdığı üçün bir sıxıntıya çevrilir, fərd depressiya halı yaşamağa başlayır. Ancaq bunun səbəbi tək, köməksiz qalmaq qorxusundan çox ailəsinə qarşı olan məhəbbətindən irəli gəlir. Valideynlər də, öz növbələrində, övladlarından əllərini üzmürlər, daim ona yardım etməyə çalışırlar.
Yuxarıda sadaladığımız xüsusiyyətlər müsəlman-türk cəmiyyətində mövcud olan ümumi anlayışı əks etdirir. Gəlin, Qərb ailəsinə də nəzər salaq.
Qərb ailəsində övlad 18 yaşına çatana qədər ailə ona yardım edir. Ancaq bununla belə, ailə onun üçün sadəcə bir “qohumlar cəmiyyətidir” -valideynləri onun sirdaşları, dostarı ola bilməzlər. Zahirdə bir səmimiyyət, dost münasibətləri görünsə də, əslində, bəzən hörmətsizlik predmeti olan ünsiyyət növü özünü açıq şəkildə biruzə verməkdədir.
Qərbli övlad özündə ata-anasına etdiyi hər bir əməli bildirmək ehtiyacı hiss etmir. Eyni zamanda, onun üçün etdiyi əməlin valideynlər tərəfindən tənqid oluna bilməsi ehtimalını nəzərə almaq belə alçaldıcı gəlir. O, müstəqildir, azaddır.

Ailə, yoxsa iş həyatı?..
Ailə münasibətlərində Şərq-Qərb fərqlilikləriə digər prizmadan nəzər salaq.
Müsəlman-türk ailə başçısı və ya ailənin qazanc əldə etmək məqsədilə işləyən hər hansı digər üzvü üçün iş ailəsini dolandırmaq (ailəsinə yardım etmək üçün) bir maddi qaynaqdır. O, iş ərzində belə ailəsini unutmur, hal-hazırda nə üçün əziyyət çəkdiyini, kimin üçün işlədiyini unutmur. İş həyatı onun üçün ailəsindən sonra ikinci, və ya daha sonrakı plandadır.
Burada müsəlman-türk cəmiyyətində türk cəmiyyətinin xüsusilə seçildiyini sübut etmək üçün kiçik bir misal: Avropada işləyən Mərakeşli, Əlcəzayirli, Pakistanlı (müsəlman) və Yunan, İspaniyalı və Portuqaliyalı işçilərdən öz ailələrinə və öz ölkələrinə ən çox pul göndərən türklərdir (Dr. Necmettin Turinay, “Değişen toplum ve aile”, Ankara -1996, shf 177) . Bu misalda Türkiyəlilərdən bəhs olunsa da, Azərbaycan övladının da qazanc dalınca başqa ölkələrə getdiyi zaman belə ailəsini unutmamasına aid misallar Rusiyanın şəhərlərində yüz minlərlədir.
Qərbliyə nəzər saldıqda isə onun iş karyerasını hər şeydən ön görmək kimi ideoloji sapqınlığa məruz düşüncə tərzinə malik olduğunu görürük. Ən qorxulusu isə bu düşüncənin yalnız ailə başçıları olan kişilərdə deyil, qadınlarda da hakim olmasıdır. Qərb cəmiyyətində qadın uşağına qulluq etməkdən çox gözəl karyera qurmaqdan daha çox həzz alır. Onun üçün “siz bu işi çox uğurla yerinə yetirdiniz”, “siz çox bacarıqlı işçisiniz” sözləri “ana, mən bu gün gözəl qiymətlər almışam” sözlərindən daha xoşdur.
Burada, yeri gəlmişkən, ailə institutunun ən böyük düşmənlərindən olan “Feminizm” haqqında qısaca danışmaq istərdim. Feminizm “sosial ədalət” axtaranların sapqınlıqlarının ən uca nöqtəsidir. Qadın haqqlarının qorunması adı altında qadının ailəyə bağlı olmaması ideyasını irəli sürən bu hərəkat yıxıcı rol oynayır.

Ailənin düşməni: Feminizm!
Əslində qadınla kişinin arasındakı münasibətlər və qarşılıqlı maraq təbii, insanın yaradılışından var olan bir hadisədir. Bunun da öz çox maraqlı və olduqca düşündürücü yönləri vardır. Belə ki, qadın (Yeri gəlmişkən, “8 Mart” Beynəlxalq Qadınlar gününün keçirilməsi qərarı da məhz Feministlərin 1-ci Beynəlxalq konfransında qəbul edilib.) yaradılışdan zərif bir məxluq olduğundan daim onu təhlükələrdən qoruyacaq bir şəxsə ehtiyacı var. Burada əsas rolu həyat yoldaşı və ən çox ehtiyacı olan dövrdə -gənclik dövründə, baş örtüsü oynayır. Müsəlman cəmiyyətində qadınlarda baş örtüsünün bunun kimi əhəmiyyəti var. Baş örtüsünün köməyi ilə qadın özünü ən qorxulu düşmən olan əcnəbi kişi baxışlarından qorumuş olur.
Qərb aspektində əsasını iqtisadi yönün təşkil etdiyi tərəqqinin müsəlman-türk cəmiyyətinə vurduğu zərbələrdən biri də məhz bu baş örtüsünün aradan qaldırılmasıdır. Burada Qərbin ən böyük arqumenti isə həmin qadın haqqları, qadın azadlığıdır. Halbuki, onların dəstəklədiyi azad qadınlar indi əxlaqsızlıq və ailəsinin dağılması ucbatından əzab çəkirlər...

Dəyişikliklərə bağlı Şərq cəmiyyəti?..
Qərbdə baş verən bütün dəyişikliklərə baxmayaraq bu dəyişikliklərin müsəlman-türk cəmiyyətinə tam nüfuz edə bilməməsinin səbəbləri çox araşdırılıb. Burada əsas səbəb heç də türk cəmiyyətinin dəyişikliklərə bağlı olması deyil. Sadəcə bu cəmiyyət milli-mənəvi dəyərlərinə daha sadiqdir. Eyni zamanda üzvü olduğumuz bu cəmiyyət dəyişikliklərə daha tez adaptasiya olunur və bu dəyişiklikləri özününküləşdirə bilir. Bunu Dr. Necmettin Turinay öz kitabında qeyd edir (Dr. Necmettin Turinay, “Değişen toplum ve aile”, Ankara -1996, shf 174).

Nəticə
Ailənin sosial əhəmiyyəti və indiki cəmiyyətimizdəki yeri, ailənin bir müəssisə kimi struktutunda baş verən dəyişikliklər haqqında çox danışmaq olar. Yazılanlar da kifayət qədərdir. Sadəcə, bu dəyişən cəmiyyətin bir üzvü kimi öz fikrlərimi ifadə etmək məncə özüm üçün faydalıdır. Bəzən sözlə deyə bilmədiklərini qələmlə, yaxud da kompyüter klaviaturası ilə daha rahat ifadə edə bilirəm. Son olaraq: “bizim cəmiyyətimizin müsbət iqtisadi dəyişikliklərin qəbul etməsi ilə bərabər mənfi sosial dəyişikliklərə qarşı da mübarizə aparmasını arzu edirəm”.

No comments: