Əkbər Eldaroğlu
İstanbul Universitetinin Doktorantı,
iqtisadçı
http://www.iqtisad.net
«İslam ölkələri niyə geri qalır?» sualına tarixi baxışdan doğan nəticələr
İqtisadçı həmkarım Bəhruz Məmmədlinin bir yazısı dərc olundu və bildiyim qədər müəyyən çevrələrdə geniş müzakirələr yaratdı. Yazı belə adlanırdı: İslam ölkələri niyə inkişaf etmədi? Yazıda problemə Malayziya baş nazirinin baxışlarına dayanaraq cavab verilirdi. Sual başqa bir şəkildə və tarixi aspektə qoyula bilər: Bu gün inkişaf etmiş demokratik ölkələr arasında niyə bir İslam ölkəsinə rast gəlinmir?
İslam ölkələrində kiçik bir qrupun lüks şəraitdə yaşamasına baxmayaraq əhalinin böyük əksəriyyətinin səfalət içərisində yaşaması bu ölkələrin öz tarixləri ilə bağlıdır. Əslində, tarixi və ictimai prosesləri tək bir hadisəyə görə izah etmək elmi cəhətdən məqbul hesab edilmir. Lakin tarixə keçmişdəki siyasət, siyasətə isə bugünkü tarix gözü ilə baxıldığına görə yenə də tarixə qısa bir ekskursiya etmək zərurəti yaranır. Çünki İslam ölkələrinin geri qalmasının əsas səbəbi də məhz tarixin daha dərin qatlarında yer almaqdadır.
Sənaye inqilabı 18-ci əsrin ortalarında Qərbdə baş versə də, Əkinçilik İnqilabı miladdan təqribən 8 min əvvəl Şərqdə baş vermişdir. Ona görə də əkinçilik və heyvandarlıq şərqli cəmiyyətlərin ilkin məşğuliyyət növü sayılırdı. Əkinçiliyin inkişafı şərq ölkələrinin hidrolik və ya suvarma sisteminə dayanan cəmiyyətlərə çevirdi. Suvarma sisteminə nəzarət mərkəzi dövlətin inhisarında idi, bu da mərkəzi dövlətin güclənməsinə səbəb olurdu. Mərkəzi dövlətin güclənməsi isə özəl sektorun inkişafını əngəlləyirdi. Özəl sektor güclənə bilmədiyinə görə özəl mülkiyyət də inkişaf edə bilmədi (Marks - Asiya tipi istehsal modeli). Mülkiyyət anlayışının inkişaf edə bilməməsinin nəticəsi olaraq şüurlu, qərarlı və davamlı bir azadlıq mübarizəsi meydana çıxmadı. Buna görə də nə azadlığın təminatçısı olan bir hüquq sistemi formalaşdı (Hegel), nə də plüralist bir sivil cəmiyyət.
Təkçilik, mütləqiyyət hər şeyə hegemon oldu: tək mülkiyyət (dövlət mülkiyyəti), tək mənafe (idarə edən təbəqəni mənafeyi), tək fikir (kişinin hegemonluğu və qadının arxa planda qalması). Din də bu strukturu dəstəkləyəcək şəkildə izah olundu və inkişaf etdirildi. O da dönüb bu ictimai strukturu daha da möhkəmlətdi.
Qərbin son 200 ildə şərqə nüfuz etməsi ilə yuxarıdan başlanan modernləşmə hərəkatı hər bir şərq ölkəsində fərqli modellər ortaya çıxardı. Hansı ki, qərbdə modernləşmə kənardan olan təzyiqlə deyil, aşağıdan gələn hərəkatla, yəni sosial dinamizmin nəticəsi kimi təzahür etmişdir.
Qərblə Şərq arasındakı uçurum Sənaye inqilabından sonra daha da dərinləşdi. Çünki 18-ci əsrdən bəri elm, sənət, mədəniyyət, ordu, səhiyyə və s. hamısı gücünü iqtisadiyyatdan alırlar. Ayrıca da İngiltərənin inkişaf baxımından İspaniyanı geridə qoyması İngiltərənin daha çox demokratikləşməsi ilə bağlı oldu. Qərbdəki plüralizmə dayanan demokratik sistemi gücləndirən iqtisadiyyatdakı inkişaf, yəni mal və xidmət istehsalındakı artım olmuşdur. Buna görə də dünyanın inkişaf etmiş ölkələri məhz iqtisadi cəhətdən inkişaf etmiş ölkələr hesab edilir. Amerikanı dünyanın super güc dövlətinə çevirən də məhz dünyadakı mal və xidmət istehsalının 25 faizinin (10 trilyon dollar) bu ölkənin payına düşməsidir.
Artıq yeni dünya düzəni gücünü siyasətdən deyil, iqtisadi mexanizmlərdən alan bir anlayışdır. İndi dünyada daha çox nüfuz sahibi olmaq, dünyaya verilə biləcək xammal (neft və təbii qaz) ilə deyil, müasir texnologiya ilə bağlıdır. Əhalisi haradasa Azərbaycanla eyni olan Finlandiya sadəcə «Nokia» telefonunun ixracatı ilə 300 milyonluq İslam ölkələrinin neft istisna olmaqla toplam ixracatından daha çox gəlir əldə etməkdədir. Bunun da əsas səbəbi Finlandiyanın avtoritar İslam ölkələrindən fərqli olaraq demokratiya və bazar iqtisadiyyatı ilə idarə olunmasıdır.
Bu gün bizim də bir şərq ölkəsi kimi geridə qalmağımızın başlıca səbəbi iqtisadi inkişafa sağlam modellər axtarmaq yerinə, bir tərəfdən hələ də şərqli imiş kimi cəmiyyəti «mentalitetə» çəkməyə, başqa tərəfdən də sanki bir anda istehlak qəlblərimizi dəyişdirməklə qərbli ola biləcəyik kimi cəmiyyəti «Avropalılaşdırmağa» çalışmağımızdır. Bunlar yanlış axtarış və çabalardır. Çünki çıxış yolu cəmiyyətdəki iqtisadi və siyasi azadlıqların artırılmasından və aşağıdan gələn təşəbbüskarlığın önünü açılmasından keçir. Biz Qərbə bu yolla çata bilərik.
No comments:
Post a Comment