Əkbər Eldaroğlu
İstanbul Universitetinin Doktorantı,
iqtisadçı
http://www.iqtisad.net
Hər bir ölkənin inkişafında bir və ya bir neçə sektor ölkə iqtisadiyyatı üçün lokomotiv sektor rolunu oynayır. Azərbaycan iqtisadiyyatında bu funksiyasını hər zaman neft-qaz sənayesi icra edib. Neft XIX əsr ilə birlikdə iqtisadi həyatımıza daxil olub. 1846-cı ildə Bibiheybətdə dünyada ilk dəfə sənaye üsulu ilə başlayan neft istehsalı, o vaxtdan bu günə qədər ölkə iqtisadiyyatının inkişafında əsaslı rol oynamaqda davam edib.
Neft sənayesinin yeni inkişaf mərhələsinə 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin Mügaviləsi” ilə start verildi. Müstəqillikdən sonra ilk dəfə 1996-cı ildə 1.3 fiazlə başlayan, orta hesabla ildə 10 faiz artan iqtisadiyyat, 2005-ci ildə rekord səviyyəyə, 26.4 faizə yüksəldi ki, bununla da Azərbaycan iqtisadi artım tempinə görə dünya birincisi oldu. 1995-2005-ci illər arasında neft sənayesinin inkişafına görə, Ümumi Daxil Məhsul 100 faizdən çox artdı. Neft-qaz strategiyası çərçivəsində ölkə sənayesinə bu günə qədər 20 milyard dollar investisiya qoyulub. Ayrıca da adam başına düşən xarici investisiyaların həcminə görə Azərbaycan MDB Respublikaları arasında ilk sırada yer alır.
“Əsrin Müqaviləsi”ndən sonra istehsal olunan neftin Qərb ölkələrinə ixracı üçün alternativ neft kəməri üzərində müzakirələrə başlandı. Öncədən mövcud olan Bakı-Novorossiysk və Bakı-Supsa boru xətləri yetərsiz qalacağından, Bakı-Tbilisi-Ceyhan neft kəməri üzərində razılıq əldə olundu. Bu kəmər istehsal edilən Bakı neftinin dünya bazarına çıxışını təmin edəcəkdi.
2006-ci il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının iştirakı ilə rəsmi açılış mərasimi oldu. Açılış mərasimində neft kəməri bölgədə son 15 ilin ən böyük iqtisadi proyekti kimi xarakterizə edildi. Kəmərinin uzunluğu 1768 km, maliyyəti isə 5 milyard dolardır. Bu neft ixrac kəmərindən bir ildə minimum 40 milyon, maksimum 60 milyon ton neft ixrac ediləcək. Neft kəmərinin istismar müddəti 40 il, ortalama neft daşıma potensialı ildə 50 milyon tondur.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə dünya bazarında neftin 1 barelinin 44 dollar olacağı təqdirdə, Azərbaycanın Neft Fonduna 2006-cı ildə 2.2 milyard, 2007-ci ildə 6.2 milyard, 2008-ci ildə 16.6 milyard, 2009-cu ildə 29.2 milyard, 2010-cu ildə isə 46.5 milyard ABŞ dolları həcmində neft gəlirləri daxil olacaq.
2025-ci ilə qədər neftin 1 barelinin qiyməti 40-45 doları keçməyəcəyi təqdirdə, ölkə neft ixracatından 180-200 milyard dolar gəlir götürə bilər. Hazırda neftin 1 bareli 70 dolardan da yüksəkdir. Bugünkü qiymətlər sabit qalsa, Azərbaycan 200 yox, 300-350 milyard dolar gəlir əldə edə bilər.
Bu layihə bitdikdən sonra Azərbaycan neftinin tükənəcəyi ehtimal edilir. Hesablamalara görə bugünkü templə çıxarılsa və yeni neft yataqları tapılmasa, təqribən 30-35 ilə neft tükənəcək. Əslində 2025-ci ilə qədər neft gəlirləri ilə ölkəni elə inkişaf etdirmək olar ki, iqtisadiyyatın neftdən asılılığı ortadan qalxar.
Araşdırmalara görə, neft və başqa təbii sərvətlərlə zəngin olmayan ölkələrdə adam başına milli gəlir, bu sərvətlərlə zəngin olan ölkələrdən daha yüksəkdir. 1960-90-cı illər arasında təbii sərvətlərdən məhrum olan ölkələrdə iqtisadi artım sürəti bu sərvətlərlə zəngin ölkələrdən iki-üç dəfə yüksək olub. 1970-ci illərdə neftin 1 barelinin 3 dollardan 30 dollara qədər artmasına baxmayaraq, aradakı fərq daha da artıb. Fars Körfəzinin, neft ixrac edən ölkələri, adam başına çox yüksək neft gəlirlərinə baxmayaraq, xoşbəxt insanların yaşadığı ölkələr deyildir, neft şirkətlərinin royaltiləri (mədən vergisi) ilə yaşayan, sərvətləri neftin qiymətinə bağlı olan “inkişaf etməmiş ölkələr” qrupunu təşkil edirlər.
“Forbes” jurnalının oktyabr sayında qeyd edilir ki, Səudiyyə Ərəbistanı kimi bəzi neftlə zəngin ərəb ölkələrində dövlət, ümumiyyətlə, gəlir vergisi almırmış. Büdcənin əsasını neft gəlirləri təşkil edir. Gəlir vergisinin alınmamasına baxmayaraq, qeyri-neft sektoru da inkişaf etmir. Səudiyyə Ərəbistanında gənc əhalinin orta hesabla 50 faizi işsizdir. Burada neft gəlirlərinin yüksəkliyi, qeyri-neft sektorunun inkişafına marağı azaldırmış.
Azərbaycanda neft sənayesinin indiki inkişaf mərhələsi, dünyada sənaye çağının və onun aparıcı qüvvəsi olan fəhlə sinfinin hakimiyyətini itirdiyi, bilginin daha çox zənginlik yaratdığı, mavi yaxalı fəhlələrin yerini bəyaz yaxalı mühəndislərin aldığı dövrə təsadüf edir. Artıq inkişaf etməkdə olan ölkələrdə də sənayedə məşğulluq azalarkən, informasiya və xidmət sektorunda “yeni orta təbəqə” inkişaf etməyə başlayır.
Robotların və yeni informasiya texnologiyalarının sürətli inkişafı ilə başlayan avtomatlaşdırma bütün sənaye sahələrində iş yerlərinin sürətlə azalmasına səbəb olur. Amerikanın 1967-ci ildə dəmir-polad istehsal mərkəzi olan Birminghamda “U.S. Steel”də 30 min insan işlədiyi halda 1995-ci ildə bu rəqəm 4 min insana qədər azaldı. Bölgənin ən böyük məşğulluq mərkəzi tibbi və elmi araşdırma mərkəzləri başda olmaqla 15 min insanın işlədiyi Alabama Universiteti olmuşdur. Almaniyanın Hamburq şəhərində isə 1978-ci ildə qurulan, 1999-cu ildə 3500 tələbəsi, 100-dən yuxarı professoru, 500 müəllimi olan universitet təqribən ildə 100 patent alaraq həm elmin həm də iqtisadiyyatın lokomotivinə çevrilib. XX əsrin 50-ci illərində Amerikada Stenford Universiteti tərəfindən qurulan və demək olar ki dünyanın ilk Texnoparkı sayılan Silikon Vadisi ölkə iqtisadiyyatının aparıcı sahəsi kimi çıxış edir.
Sənaye çağının inkişafında kapital aparıcı rola sahib idi. 1950-ci illərdə inkişaf etməkdə olan ölkələrin ən əsas problemi kapital yetərsizliyi idi. XXI əsr isə kapitalın 15 saniyədə dünyanı 3 dəfə dolaşdığı bir əsrdir. Günümüzdə gəlir gətirəcək hər bir biznes layihəsi, bunu anında maliyyələşdirəcək kapitalı dünya bazarlarından da təmin edə bilir. Yaponiyada 10 trilyon dollarlıq rezerv kapital dünyanın başqa yerlərində investisiya üçün əlverişli mühit axtarır. Bundan faydalanmaq üçün yetər ki, gəlir gətirəcək bir bilgiyə sahib olaq. Universitetlərin son illərdə aparıcı sahə kimi önə çıxması da məhz bununla əlaqədardır.
1980-ci ildən sonra milli dövlətlər öz iqtisadi siyasətini dəyişdirərək, xarici investisiyalar uğrunda rəqabət mübarizəsinə başladılar. İnkişaf etməkdə olan ölkələrin inkişafında xarici investisiyalar ön plana çıxmaqdadır. Azərbaycanın da tarixən milli burjuaziyadan məhrum olması neft sektorunda olduğu kimi, qeyri-neft sektoruna da istehsala dayanan xarici investorları cəlb etməyi zəruri edir. Bu işsizliyi əhəmiyyətli səviyyədə azaldar, texnologiya istehsalını və rəqabətçi üstünlüklərə sahib yeni ixrac mallar istehsalını artıra bilər. Qlobal iqtisadiyyatın transmilli şirkətləri tərəfindən investisiya üçün seçilən bir ölkə ola bilmək isə heç də asan deyildir.
BTC-nin reallaşması ölkənin beynəlxalq aləmdə nüfuzunu artırar, bu da Qərbdən ölkəmizə yeni investisiyalar və müasir texnologiyaların axını üçün geniş şərait yarada bilər. Amma xarici investorlar da ölkələri seçməkdə çox diqqətli davranırlar. Onları cəlb edən əsas amillər təbii sərvətlər və ucuz işçi qüvvəsindən daha çox, işçilərin texniki hazırlıqları, təhsil səviyyəsi, məhsuldarlığı, mükəmməl infrastruktur, daxili bazarın böyüklüyü, hüquqi mühit və siyasi stabillikdir. Neft gəlirlərindən təhsil səviyyəsinin artırılması və ölkənin xarici investorlar üçün “İnvestisiya Cənnəti”nə çevrilməsinə xidmət edən iri infrastruktur layihələrinə sərf edilməsi prioritet elan edilə bilər.
Neft gəlirlərinin xərclənməsi barədə gedən müzakirələrdə QHT-lər və ictimai-siyasi qüvvələr iş adamlarımızdan daha fəal iştirak edirlər. Ortaya atılan təkliflərin ana xəttini informasiya texnologiyaları, təhsil, səhiyyə, neft-kimya sənayesi, turizm, kənd təsərrüfatı, emal, yüngül və yeyinti sənayesinin inkişaf etdirilməsi təşkil edir. Amma son anda bu təkliflərlə bağlı qərarın kimin verəcəyi məchul olaraq qalmaqdadır.
İqtisad elmində məhdud ehtiyatlardan optimal istifadəni axtaran iqtisadi sistemlər əsasən sərbəst bazar və inzibati-amirlik sistemləri arasında fəaliyyət göstərirlər. Əsasən keçmiş sosialist ölkələrində tətbiq olunan inzibati-amirlik sistemində məhdud ehtiyatların necə istifadə edilməsinə məmurlar qərar verirdi. Sərbəst bazar iqtisadiyyatında isə məhdud ehtiyatların optimal paylaşmasını bazar mexanizminin özü tənzimləyir. 70 illik sovet təcrübəsi sübuta yetirdi ki, sərbəst bazar iqtisadiyyatı modeli məhdud ehtiyatlardan daha səmərəli istifadəni təmin edir.
Ona görə də 1980-ci ildən bəri inkişaf etməkdə olan ölkələr sərbəst bazar iqtisadiyyatı modelini gücləndirərək dövlətin iqtisadi həyata yersiz müdaxilələrini azaldırlar. Bu gün dünyada ən çox inkişaf etmiş ölkələr iqtisadi azadlıqları ən çox təmin edən və iqtisadi həyata ən az müdaxilə edən ölkələrdir. Neft ehtiyatlarına malik olmayan İsveçdə rifah səviyyəsinin bizdən qat-qat yüksək olmasının səbəbi də məhz uzun zamandan bəri bazar iqtisadiyyatı yolu ilə inkişaf etməsidir. Bazar iqtisadiyyatını azad təşəbbüskarlıq ruhu olan insanlar qururlar. Bütün riskləri üzərinə almaqla son qərarı da məhz sahibkarlar verirlər. Bu sistemdə məhdud ehtiyatlardan səmərəli istifadə edənlər sərvətlərini artırır, rasional davranmayanlar isə azad rəqabətdə sıradan çıxırlar. Dövlətin burada əsas vəzifəsi tənzimləyici funksiyaları icra etməklə, tərəfsiz bir arbitr rolunu oynamaqdır.
Sərbəst bazar modeli ilə inzibati-amirlik sistemi arasındakı fərq də məhz burada yatmaqdadır. Bütün bunlara görə də dövlət təhsilin keyfiyyətini artırmalı, iqtisadiyyatın infrastrukturunu təkmilləşdirməli və ölkədə əlverişli makroiqtisadi mühitin yaradılmasını təmin etməlidir. “Nə istehsal ediləcək, necə istehsal ediləcək və kimin üçün istehsal ediləcək?” sualına isə ən doğru cavabı bazar mexanizminin özü verəcəkdir.
No comments:
Post a Comment