1.19.2009

Bizlərdən razısınızmı?..

Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.

Əl-Bəqərə, 154


Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.
Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.


Ali-İmran, 169-170


  Müqəddəs himnimizdə də deyildiyi kimi Vətənimiz üçün qanımızdan, canımızdan keçməyə hazır olmağımızı bir daha sübut etdik. 19, 20 Yanvar 1990 –cı il tarixində. Qoca, cavan, qadın, qız... Gözündə zərrə qədər qorxu olmadan əli silahlıların, tankların qarşısına çıxıb müstəqil olmaq istədiyini bəyan etdi Azərbaycan Xalqı. Milli, cinsi ayrıseçkilik yox idi. Hamı bir idi. Hamı Azərbaycan Xalqının nümayəndəsi idi. Hamı Azərbaycan övladı idi. Qanlar töküldü. Amma geri çəkilmədik. Allah şəhidlərimizə rəhmət etsin! Yerləri cənnət olsun! Onları Quranda Uca Allah müjdələmişdir. Onlar ölü deyillər! Bəlkə də, Uca Allah, onlar üçün xüsusi bir həyat yaradıb, hansında ki, həyatdan köçdüklərini təsəvvürlərinə belə gətirmədən, iztirabsız bir həyat yaşayırlar. Sevdikləri ilə bərabər. Onlar buna layiqdirlər!


  Onlar bizim hür olmamız üçün bir oldular. Allah onları hür olaraq bu dünyadan aldı.


  Biz hürük... Fəqət birikmi?.. Qorxaram ki, bü dünyadan 1 olaraq köçərik.


  Bu dünya bir yuxudur. Öldüyümüz zaman ayılacağıq. Bir yuxu üçün bu qədər çalışmağına dəyərmi acaba?! Bu fani dünya üçün... Qorxaram ki, oyandığımız zaman artıq gec olacaq...


  19 il arxada qaldı. 19 il bir igidin ömrüdür! Daha doğrusu idi!.. İndiki 19 yaşında olan gənclərimizə; elə 24 yaşda olan özümə də igid deməyə cürət eləmirəm. Elə düz də edirəm! Nə bəhanəylə igid deyim axı özümüzə?! 19 ildə dəyişən həqiqətlərin ən acısı da budur ki, 20%-ə yaxın torpaqlarımızı itirmişik. Biz şəhidlərimizin başlatdığı yola elə bir neçə ilin içində xəyanət etdik! Satqınlara igid demək olmaz! Kökümüzdən, tariximizdən, dilimizdən, dinimizdən bir xeyli uzaqlaşmışıq bu 19 ildə.


  Gəlin bir şəhidlərimizə səslənək. Biz onları görməsək də, duymasaq da, onlar bizi, bəlkə də, duyurlar, görürlər. Amma yuxarıdakı fikrimə müxalif çıxıram. Axı onlar iztirabsız həyat sürürlər. Bizim xəyanətimiz isə iztirab yaşadır! Yenə də...



Əziz yurddaşlarımız, müqəddəs şəhidlərimiz!


  Bizim müstəqil olmamız üçün, kiminsə əsarətində yaşamamamız üçün canlarınızı fəda etdiniz. Vətən sizdən razıdır, Allah sizdən razıdır, biz sizdən razıyıq! Bəs Siz bizlərdən razısınızmı?


  Çoxunuz gənc idiniz - gənclərimizdən razısınızmı? Hisslərimizin, istəklərimizin, həvəsimizin düşkünü olmağımızdan razısınızmı?..


  Bir oldunuz, hür oldunuz –bizim “birliyimiz”dən razısınızmı? Məşhur timsaldakı kimi, Vətənimizi hərəmizin bir tərəfə çəkməyindən razısınızmı? Kökümüzə dönük çıxmağımızdan razısınızmı?


  Çoxunuz elmli idiniz –təhsilimizdən razısınızmı? Rüşvət verib həkimlər, müəllimlər olmağımızdan –Vətənə “layiqli” yetişib/yetişdirildiyimizdən razısınızmı?


  Çoxunuz kişi idiniz –namərdliyimizdən razısınızmı?


  İçinizdə qadınlar, qızlar az deyildi –qadınlarımızdan, qızlarımızdan razısınızmı? Əxlaqsızlığımızdan razısınızmı? Feminizmimizdən, avropasayağı açıq-saçıq geyimlərimizdən razısınızmı? Gələcəyin anaları olacaq qızlardan, onların əxlaqından razısınızmı? Onlar sizin kimi övladlar dünyaya gətirib, yetişdirə biləcəklərmi?..



  Axirətdə yanınızda üzükölgəlilikdən Allah bizləri qurtarar, İnşaAllah!



  Uca məqamınıza dərin hörmətlə, İlqar Əlizadə.


No comments: